Ən gözəl təmsil müvəffəqiyyətlə tamamlanmış təhsildir

Növbəti müsahibimiz Almaniyada magistr təhsili alan Türkel Lazımzadədir.

1) Salam Türkel bəy özünüzü qısa olaraq təqdim edərdiniz zəhmət olmazsa

Aleykum salam. 1990- ci ildə Naxçıvan MR Şahbuz rayonunda anadan olmuşam. Orta təhsilimi doğulduğum rayonun Kolanı kəndində bitirdikdən sonra 2006-2010 cu illərdə Naxçıvan Dövlət Universitetində Maliyyə və Kredit ixtisasi üzrə bakalavr təhsili almışam. Bir illik hərbi xidməti başa vurduqdan sonra 2011-2013 cü illərdə Azərbaycanın öndə gələn təhsil müəssisələrindən olan Qafqaz Universitetində eyni ixtisas üzrə dövlət sifarişli, əyani magistratura təhsili almışam. Oxuduğum müddət ərzində ölkədə və xaricdə keçirilən bir sıra beynəlxalq və regional konfrans, tədbir və treyninqlərin iştirakçısı oldum. Eyni zamanda özəl sektorda müxtəlif vəzifələrdə işləyərək 2 illik iş təcrübəsi də qazandım. Bütün bunlara baxmayaraq aldığım təhsilin və iş təcrübəsinin yetərli olmadığı qənaətinə gəldim və uzun zəhmətdən sonra Almaniyada və İngiltərədə bir neçə universitetdən müsbət cavab ala bildim. Hal-hazırda Almaniyanın North Rhein Westphalia əyalətində yerləşən Hochschule Rhein Waalda (Rhine Wall University of Applied Science) Economics & Finance üzrə ikinci magistratura təhsili alıram.

2) Almaniyada oxuyan tələbə kimi oranın təhsil sistemi haqqında nələr söyləyə bilərdiniz?

Almaniyanın təhsil sistemi haqqında məlumat verərkən orta məktəbdən başlasaq böyük bir elmi araşdırma mövzusu ortaya çıxar :)  Ona görə mən onları keçərək ali təhsil müəssisələrində olan elmi sistemdən qısaca məlumat verəcəm.

İlk öncə onu qeyd etmək istərdim ki, dünya universitetlərinin reytinqini müxtəlif kriteriyalar üzrə ələ alan “QS World University Ranking“də ilk 100 ən yaxşı universitetlər arasında Almaniyanın 3-4 universitetini görmək olar. Almaniyada 180 şəhər və əyalətlərdə 423 dövlət qeydiyyatından keçmiş ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə toplam 17.000-ə yaxın fərqli ixtisaslar tədris olunur. Ümumiyyətlə isə Almaniyada universitetlərin bir çoxunda təhsil haqqı yoxdur, tələbəyə sadəcə olaraq az bir məbləğ semestr pulunu ödəmək qalır. Bunun qarşılığında da tələbəyə semestr biletləri verilir ki, onlarla da əyalət daxilindəki nəqliyyatlardan pulsuz istifadə edə bilirlər. Alman universitetlərinə gəldikdə isə onları 3 qrupda cəmləşdirə bilərik:

  1. Universität və ya Universitet– Bu tip təhsil müəssisələrində fundamental əsaslı nəzəri biliklər tədris olunur. Bu kimi universitetlərdə fəaliyyət istiqamətindən asılı olaraq ixtisaslaşmalar olur. Məsələn: Texniki, Tibbi Universitetlər. Gələcəkdə akademik fəaliyyətlə, elmi arasdırma ilə məşqul olmaq istəyənlər adatən bu universitetlərə üz tuturlar.
  2. Tətbiqi Universitetlər. Başqa adla Hochschule və ya Applied Science– Bunlarda isə tələbələrə güclü praktiki biliklər öyrədilir və iş dünyasına, biznes sektoruna professional kadrlar hazırlayırlar. Adətən belə universitetlərdə 1 dönəmi (3 və ya 4 ay) xarici ölkədə təcrübədə olmaq tələb olunur
  3. Kollec, İncəsənət, Musiqi və Film-Adından da göründüyü kimi film, incəsənət, musiqi və digər bu kimi sahələrdə yetişmək istəyənlər üçün bu universitetlər real məkandır.

Bu sual haqqında sonda onu qeyd etmək istərdim ki, təkcə 2013/14 cü il qış dönəmində 2.6 milyon tələbə Alman universitetlərində qeydiyyatdan keçmişdir.

3) Xaricdə təhsil və Azərbaycanı təmsil etmək baxımından gənclərə, tələbələrə nələri tövsiyyə edərdiniz?

Xaricdə təhsil almaq əhəmiyyətli olduğu kimi, orada mənsub olduğumuz ölkəni layiqincə təmsil etmək ən azı onun qədər vacibdir. Oxuduğum universitetdə 20-ə yaxın Azərbaycanlı tələbə var. Sözün düzü Azərbaycanlı tələbələr olaraq o qədər də aktiv deyilik :) Düşünürəm ki, yaxın zamanda bu problemi aradan qaldırarıq.

Bu sahədə özüm də yeniyəm və daha çox təcrübəyə ehtiyacım var.  Belə ki, özümün də gənc olduğumu nəzərə alaraq gənclərə tövsiyyə deyil daha çox onlarla fikrimi bölüşəcəm. Layiqincə təmsil oxuduğumuz ixtisasa mükəmməl şəkildə yiyələnməkdir ilk növbədə. Çünki dərsdə aktivlik və qiymətlərin yüksək olması professorların, eləcə də tələbələrin diqqətini çəkir. Sözsüz ki, müvəffəq olan tələbə haqqında da bir çoxları öyrənmək istəyir. Qısaca desək, ən gözəl təmsil müvəffəqiyyətlə tamamlanmış təhsildən keçir. Təhsil almaqla yanaşı yaşadığmız ölkənin mədəniyyətini, dilini, əyalətin qayda və qanunlarını, hətta universitetin daxili nizam-intizam prosedurlarını öyrənmək lazımdır. Əks təqdirdə təmsil etmək baxımından atdığmız addım bizə arzuolunmaz bir sıra problemlərlə dönə bilər.

4) Bizim adət-ənənələrimiz, gündəlik yaşamımızla onlarınki arasında nə kimi oxşar və ya fərqli cəhətlərdən danışa bilərsiniz?

Oxşar cəhətlərinə rastlamaq azdır.  Sadəcə onu deyə bilərəm ki, buradakı insanlar da bizdəki kimi ən azı iki dil bilirlər :)

Fərqli cəhətlərinə gəldikdə isə, millət olaraq işdə ciddiyyətə çox önəm verirlər və fərqli siyasi düşüncədə olan iki insan olsalar belə, bir yerdə fəaliyyət göstərirlərsə əllərindən gələnin ən yaxşısını edirlər. Çünki bir müəssisənin və ya ölkənin mənfəəti üçün çalışdıqlarını dərk edirlər. Qanunlarına bağlı olan xalqdır və buna görə bir sıra avropa və dünya ölkələrinə örnək ola bilərlər. Qanunları pozan kimliyindən asılı olmayaraq polisə bildirilir. Məsələn, bizə dərs deyən bir professorumuz başından keçəni özü danışırdı: Maşınım ilə digər maşına azca toxundum. Yalandan iz var dedim, sürməyə davam etdim. Bir neçə gündən sonra polisdən cərimə məktubu gəldi :) və bunu da polisə bir alman vətəndaşi bildirib. Hətta “vurduğunu özü də bildi, ancaq reaksiya vermədən getdi” cümlələrinə qədər polisə nəql edib. Uzun sözun qısası “mənə nə” deyib keçmirlər.

İş saatları bizdəkindən azdır ancaq verimlilik daha çoxdur və istirahət günlərini də maksimum şəkildə dəyərlədirirlər. Həftə sonları və bayramlarda isə əksər mağaza və dükkanların açıq olmasını görmək mümkün deyil.  Bizim insanımız qədər qonaqpərvər olmasalar da toplum olaraq gülərüzdürlər. Özlərindən eşitdiyimə görə və təcrübəmə əsasən deyə bilərəm ki, ailə bağları bizdəki qədər möhkəm deyil. Ancaq ailələrdəki uşaqlar bizdəkindən daha sərbəst və məsuliyyət duyğusu  ilə böyüdülür.

5) Bildiyiniz kimi xaricdə təhsil almaq istəyən yüzlərlə, minlərlə gəncimiz var. Ancaq üzləşdikləri bir sıra problemlərdən dolayı bu arzularını reallaşdıra bilmirlər. Bu kimi gənclərimizə nələri tövsiyyə edərdiniz?

İlk öncə nəyi və harada oxuyacağımıza qərar vermək  çox önəmlidir. Bu ixitisas, bu ölkə, bu universitet mənə nələri qazandıracaq sualına cavab tapmaq lazımdır. Ölkəmizdə və universitetlərdə zəif tədris olunan və ya heç tədris olunmayan ixtisaslara üz tutmaq daha yaxşı olardı. Bu ixtisaslar gələcəkdə bizlərə yaxşı həyat təmin etməklə bərabər ölkəmizdəki təhsil problemlərinin aradan qaldırılması üçün də faydalı olacaqdır. Xaricdə təhsil almaq istəyən bir çox gəncimiz var və maddi vəsait yoxluğu hər birimizin yaralı yeridir. Çox zaman əziyyət çəkirik və üzləşdiyimiz problemlərdən dolayı vaz keçmək istəyirik. Bu yaradılmış olaraq, insan olaraq təbiidir və bir çoxumuzun xarakterində var. Bu yaxınlarda Amerikada təhsil alan bir Azərbaycanlı tələbənin paylaşmış olduğu əziyyətli təhsil yolunu və sonda əldə etdiyi nəaliyyətləri oxudum. Demotivasiya olmuş birini asanlıqla motivasiya edir və hədəflərinə yenidən istiqamətləndirir. Mənim özüm də bir sıra problemlərlə üzləşdim, hətta bir neçə dəfə vaz keçmək istədim. Ancaq dəyərli bir dostumun mənə göndərmiş olduğu eyni formatda bir yazı ilə yenidən hədəflərimə yönəldim. Yəni vaz keçmək lazım deyil. Xaricdə təhsil alan yerli və əcnəbi tələbələrin təcrübələrindən istifadə etmək faydalı olar. Mümkün variantların hər birinə baş vurmaq və heç bir zaman geri dönmək lazım deyil. Çünki həyat sürprizlərlə doludur və gözləmədiyimiz anda qapılar üzümüzə açılır. Yetər ki, o an qapının bir addımlığında olaq.

6) Son olaraq “Academic-Future” haqqında fikirlərinizi bizimlə bölüşərdiniz.

Dünyada bu kimi saytlar çox fəaliyyət göstərir. Maddi məqsəd daşıyanları da var. Sözsüz ki, bu da təbiidir. Səhifənizin izləyicisi olaraq onu deyə bilərəm ki, sizdə bu kimi məqsədlər yoxdur. Tələbə və gənclərimizin maarifləndirilməsi, dünya universitetlərinə çıxışı üçün çox xidmətlər görürsünüz. Təqdirə layiqdir. Bu cür qaynaqlara çox ehtiyac duyulur. Bu addımı atdığınız üçün bütün “Academic-Future” heyyətinə bir izləyciniz olaraq təşəkkür edirəm. Gələcək fəaliyyətlərinizdə sizlərə uğurlar arzu edirəm. İnanıram ki, qısa zamanda bu kimi bir sıra beynəlxalq saytlarla birgə fəaliyyət göstərəcəksiniz.

Leave a Reply