Müsahibimiz Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafadır.

1. Əvvəlcə Fazil müəllim bizi Sizdən müsahibə almaq istədiyimizdə çox səmimi qarşıladığınız üçün çox təşəkkür edirik. Bunu çox səmimi şəkildə deyə bilərik ki, bu gün gənclər ( özüm gənc olduğumdan belə müqayisə edirəm) Sizin fikirlərinizə hörmətlə yanaşır və hər zaman dəstəkləməyə çalışırıq. İndi isə icazə verirsinizsə müsahibəmizə başlayaq.

Buyurun, bizim siyasət anlayışımız hər bir düşünən Azərbaycan insanına açıq olduğuna görə müsahibə verməkdə də bir problem görmürəm. Xüsuslə də Azərbaycan gəncliyinə nədəsə yardımçı olmaq həqiqətən məmnunluq yaradır.

2. Müasir şəraitdə tələbələr üçün ali təhsil müəssisələri tərəfindən təyinatın olmamasına səbəb nədir?

Dövlət sifarişinin olmaması bilə bağlıdır. Planlı iqtisadiyyatda idarəetmə bu metod üzərində qurulmuşdu və iş yerlərinin doldurulması formasında təyinat əhəmiyyət daşıyırdı. İndi azad iqtisadi münasibətlər çərçivəsində bunu əmək birjaları tənzimləyir. Dövlətə aid olan sektorda isə müsabiqə və müsahibə üsulu tətbiq olunur ki, bu da müəyyən prosedurların keçilməsini tələb edir.

3. Bir müəllimin ixtisası olmayan 2-3 fənndən dərs deməsi aydın məsələdir ki, bir çox tədris müəssisələrində rast gəlinən bir məsələdir. Sizcə həm bu qədər kadr çoxluğu, həm də bu qədər kadr çatışmamazlığı niyə ziddiyyət təşkil edir?

Ümumiyyətlə müasir Avropa məkanında hətta “Mersedes”in təmir ustasına “Volvo”nu təmir etməsinə icazə verilmir. İxtisaslaşma daha dar çərçivədə aparılır. Bizdə isə ixtisas bilgisinə belə ciddi önəm verilmir. İstər pedaqoji təhsil olsun, istər digər sahələrdə ixtisaslaşma olsun, hazırlanan məhsul intellektual tələblərə cavab vermir. Ona görə də bir neçə ixtisasda eyni müəllimin dərs deməsi bir ansanblda bir çalğıçının eyni zamanda həm tarı, həm kamançanı, həm də fortopianonu ifa etməyinə bənzəyir. Buradan hansı musiqi səsi çıxacağı öncədən bəlli.

4. Bildiyimiz kimi 2007 -2015 Dövlət Proqramı bu il yekunlaşır. Bu gün bakalavr 2, 3-cü kurslarında oxuyan tələbələr çox səbirsizliklə yeni bir qərarın verilməsini gözləyirlər. Sizcə MM-də gələn illər üçün tələbələrin xaricdə təhsil alması ilə əlaqədar hər hansı bir müzakirə gözlənilir ?

 Əslində bu məsələlər Dövlət Proqramından daha çox siyasi və peşəkar iradə ilə həll olunur. Proqram var, pul da ayrılıb, faydalı xərcləndimi? Qətiyyətlə söyləyirəm ki, yox. O zaman xaricdə təhsilə baxış dəyişməlidir. İstedadlılara dəstək prinsipi önə çəkilməlidir. Bəzən Proqramda yer almayan elə ixtisaslarda və məktəblərdə parlaq uşaqlar ortaya çıxır ki, formal qaydaları bəhanə edib dəstək verməkdən imtina edirlər. Milli Məclisdə Elm haqqında Qanun müzakirə olunur, Təhsil Qanunundan sonra müsbət nə dəyişdisə, bu qanundan sonra da eyni şey olacaq. Bu sahəyə diqqət daha fərqli və peşəkar olmalıdır. Təəssüf ki, qaneedici deyil.

5. Bu gün ki, təhsilimiz göz qabağındadır. Qafqaz Universiteti, ADA və bir neçə universitet xaric digərlərində tələbələr demək olar ki təhsildən razı deyillər. Bunun səbəbkarı kimdir Sizcə? Bu gün əgər bu problemi həll etmək Sizə tapşırılsaydı Siz nədən başlayardınız?

Universitetlərimizin siyasi və maddi müstəqilliyi olmadığına görə buradan yetkin dünyagörüşlü məzunların yetişməsi çətin məsələdir. Tələbə ki, sərbəst şəkildə debatlarda iştirak edib fikrini söyləməyə vərdiş etmədisə, ondan mütləq bir natamamlıq kompleksi yaranır. Unuversitetlər bütün mənada rektorların təsərrüfatları kimi idarə olunurlar. İdeoloji parametirlərə görə imtiyazlı müəllim və tələbələr var, sevgi münasibətlərinə görə pillələri 5-5-, 10-10 sürətlə qalxmaq reallıqları var, o zaman hansı sağlam elm mühitindən danışmaq olar? Orta təhsilin hədəfi də düzgün müəyyən olunmayıb. Mənə tapşırılsaydı da bu şərtlərdə ciddi dəyişiklik etmək mümkün olmazdı. Çünki bu elə bir sahədir ki, xalqın səfərbərliyi vacibdir. Bina tamam sökülməli və yerində modern bir konpleks tikilməlidir. Təmirlə düzələn deyil. Ancaq nədən başlamalı olduğumu bilirəm, söyləmək üçün zaman uyğun deyil.

6. Doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçası doktoranturaya qəbul olunduğu müəssisəyə və ya elmi təşkilata təqdim edilir. Bir növ onun başqa müəssisədə işləmək hüququ məhdudlaşdırılır. Bakalavr və magistrlar üçün isə bu məhdudiyyət yoxdur. Doktorantlara bele məhdudiyyətin qoyulması nə dərəcədə düzgündür? ( Hansı ki, Doktoranturaların yaradılması doktoranturaya qəbul qaydalarında öz əksini tapıb)

Əslində doktorantura elmi yaradıcı fəaliyyət üçün əlverişli mərhələ olaraq düşünülsə də, bizim şərtlərdə faydalılıq əmsalına malik deyil. Ona görə də maddi şərtlərin ağır olduğu bir şəraitdə əlavə iş imkanı mütləq tanınmalıdır.

7. Bizim ali təhsildə ən ciddi problem müəllimin rəyinin nəzərə almadan sistemin qurulması, sistemin onun fikrini heç nədə soruşulmamamsıdır. Yəni yaradıcılıq azadlığı olsa, bir çox problemlər aradan qalxacaq. Siz bu barədə nə düşünürsünüz?

Tamamilə haqlısınız, müəllimin rəyi, müstəqilliyi əsas kimi götürülməlidir. Ancaq bir reallığa da baxmaq lazımdır: Öz rəyi olan, yaradıcı keyfiyyətləri olan müəllim sayı da yetərlidirmi? Ali məktəblərdə yetişən barmaqla sayılacaq savadlı insanların hansı az maaşlı müəllimliyə üz tutur? Müəllimlə tələbənin təmasının kəsilməsi daha çox qeyri-qanuni pul yığmağın mərkəzləşdirilməsi ilə bağlıdır, təhsilin inkişafı naminə edilsəydi, o zaman bəlkə də müsbət məqamlar axtarmaq olardı. Davamiyyət, kəsir ali məktəblərdə böyük qazanc yeridir, gərək vicdanlı rektor olasan ki, bunun qarşısında çökməyəsən. Etiraf edim ki, Azərbaycanda vicdanlı rektorlar da var və bu bizim əsas təsəllimiz sayıla bilər.

8. Hər kəs bunu qəbul edir ki, ilkin təhsil və tərbiyə orta məktəblərdən başlayır. Ancaq bu gün baxdığımızda görərik ki, orta məktəblərdə ( dövlət müəssisələri ) cavan kadrlar əksər etibarı ilə TQDK-dan 150 400 arası bal toplayan şagirdlər olublar. ( Məsələn universitetə sənədləri verərkən ilk olaraq müəllimlik deyil, məsələn ATU-nun “Müalicə İşi” fakultəsin o olmazsa ATU-nun “Stomotoloq” fakültəsin oda olmaz ən axrıncı variant olaraq müəllimlik ixtisasın yazırlar ). Sizcə bu gələcək nəsillərin inkişafının qarşısın almaq deyilmi? ( Nəzərinizə çatdıraq ki, bu gün imkanı olan əksər valideyn övladlarının normal və yaxud yaxşı təhsil almaq üçün illik 5000 manat civarında pullarından keçib özəl müəssisələrdə oxutdururlar)

İcbari təhsilin səviyyəsi və bu sahəyə nəzarət çox aşağı səviyyədədir. Hələ təhsildən yayınan on minlərlə övladımızın taleyi çoxumuzu narahat etmir. Müəllimlik peşəsini stimullaşdırmaq lazımdır. Bu gün repititor fəaliyyəti ilə məşğul olmayan hansısa müəllim əgər haradansa 5-10 manat gəliri yoxdursa, acınacaqlı vəziyyətdə yaşayır. İcbari təhsilin keyfiyyətinin aşağı düşməsi valideynin də belini sındırır, öz büdcəsinin əhəmiyyətli hissəsini repitotorlara xərcləməli olur. Ümumiyyətlə təhsil komplaks məsələdir, su anbarının bir tərəfini açıq qoyub, digər tərəfini bağlamaqla anbarda suyu saxlamaq mümkün olmadığı kimi, təhsilin də bir mərhələsini çökdürüb ortadan, başdan təmir etməyin hansısa mənası qalmır. Burada Türk komediyaçı Rəcəb İvedikin bir sözü yerinə düşür: Gələcək nəslə sözüm budur ki, gəlməsinlər! Bizim də gələcək nəslə deyəsən deməyə başqa söz tapmağımız çətin olacaq.

9. Yaxın gələcəkdə Parlament iclaslarında Təhsil sahəsinin inkişafı üçün hansı təklifləri irəli sürmək fikrindəsiniz?

Bu sual görünməmiş bir optimizmlə doludur. Təhsilin tənəzzülünün qarşısını necə almağın yolları barədə düşünməliyik və indiyədək bu barədə xeyli təkliflər səsləndirsəm də, nəzərə alan olmayıb.

10. Son olaraq academic-future.com saytına müsahibə verdiyiniz üçün çox təşəkkür edirik. Saytımız haqqında nələr deyərdiniz?

Bu elə bir ağrılı sahədir ki, hər kəs imkanı çatdığı qədər həyəcan təbili çalmaqdan çəkinməməlidir. Ona görə də maraqlı suallarınıza məmnuniyyətlə cavab verdim. Saytınız sahəvi bir istiqamət götürdüyünə görə, faydalı hesab edirəm. Ümid edirəm ki, peşəkarlığınız gündən-günə daha da artacaq və cəmiyyətimizə doğruları aşılaya biləcəksiniz.

Leave a Reply