“Harvard Universitetindəki təlimçimiz”

ismayil veliyev

Növbəti müsahibimiz dünyanın ən yaxşı universitetlərindən biri olan Harvard Universitetində təhsil alan İsmayıl Vəliyevdir

Bu gün artıq çoxları sizi tanıyır Azərbaycandakı fəaliyyətlərinizdən və indi də Harvard Universitetində təhsilini davam edən Azərbaycanlı tələbəmiz kimi. Siz özünüzü qarşı tərəfə necə tanıdırsınız?

 Özümü qısaca desəm ilk olaraq özünə, daha sonra isə insanlara şəxsi və professional həyatlarında kömək etməyə çalışan spiker, təlimçi, yazar və “coach” olaraq.

Bildiyimiz kimi siz bir çox seminarlarınızda fərqli-fərqli sahələrdə çalışdığınızı və özünüzü sonda fərdi işkişaf üzrə təlimçi olmaqda tapdığınızı qeyd edirsiniz, sizi bu sahəyə cəlb edən nədir və hansı səbəbdən bu sahəni seçdiniz?

Tələbə olduğum illərdən başlayaraq gələcək karyera haqqında nə zaman düşünsəm, müzakirələr etsəm, dinləsəm, oxusam mənə maraqlı olan daim bir sual var idi. O suala cavab axtara-axtara mən Fərdi İnkişaf sahəsi ilə tanış olub, bu sahədə də, karyerama davam etməyə qərar verdim. Məni düşündürən o sual isə, Mənə maraqlı olan nədir, hansı işlə məşğul olmağı sevirəm, kim olsam özümü xoşbəxt hiss edərəm və bənzər suallar idi. Bu suallar məni bir müddət siyasət, beynəlxalq əlaqələr, bir müddət idman ki, 8 fərqli idmanla məşğul oldum daha sonra incəsənət sahəsinə yönləndirdi. Bu sahələrə marağım vardı amma daim nəyinsə əksik olduğunu hiss edirdim, nə isə çatmırdı. Bir gün, bir kitabxanada fərdi inkişaf sahəsi haqqında heç bir təsəvvürüm, tanışlığım olmadığı bir vaxtda bir kitab vərəqləməyə başladım. Kitab çox maraqlı gəldi və götürdüm evdə oxumaq üçün. Məhz bu kitab dəyişikliyin başlanğıcı oldu. O kitabı oxuduqdan sonra aktiv araşdırmalar etməyə başladım və daha çox oxuyub, öyrənib bu sahə ilə tanış olduqca axtardığımı tapdığımı dedim öz-özümə. Və artıq on il olacaq ki, bu sahədə dayanmadan və aktiv şəkildə oxuyur, araşdırır, dinləyir, yazır, danışır və işləyirəm.

Hal-hazırda Harvard universitetində təhsil alırsınız və bu universitet dünyanın bir nömrəli universitetləri sırasındadır, oranın təhsil sistemi, tələbələrin həyat tərzi, onların düşüncələri, oradakı müəllimlər və tələbələr arasındakı münasibət və.s onların hansı fərqli xüsusiyyətləri varki universitetləri hər zaman ilk sıralarda yer alır?

 Universitetin ilk sıralarda yer almasının fərqli səbəbləri var. Və bu hər sahəyə görə dəyişir. Yəni Harvard Universiteti daim bütün sahələr üzrə deyil, fərqli illərdə, fərqli sahələr üzrə siyahıda ilk yerdə dayanır. Bu universitetdə yeniyəm həm bu az müddət olduğundan, həm də işlərimin çox olduğundan çox vaxtım hələ olamyıb ki, universiteti daha çox tanıyım.Ama iki aydır burdayam və bu iki ayda müşahidə etdiyim və ən çox xoşuma gələn iki faktor var, hansılar ki, bu universitetə və tələbələrinə bugünkü statusu qazanmaqda ciddi rol oynayır. Bunlarin biri təlkin ikincisi isə inandırmaqdır. Təlkindən nəzərdə tutduğum və burda fərqli konfrans, seminar, tədbir və dərslərdə eşitdiyim və daim inamla təkrarlanan bir ifadədir, tələbələrin bir növ beyinlərinə “install” edilən bir proqram və məsuliyyəti onlara yüklənən bir gözləntidir. Bu bir çox fərqli ifadələrlə təkrarlansa da, mesaj qısaca belədir: “Siz düynada ciddi bir dəyişiklik yarada bilərsiniz, bugün dünya əhalisini narahat edən, təhlükə ilə üz-üzə qoyan hansısa problemi həll edə bilərsiniz”. Tələbələrin qarşısına qoyulan və onlardan reallaşdırmasını gözlədikləri hədəfin yaxşı iş tapmaq, prestijli vəzifədə işləmək yox, olduqları yerdə cəmiyyəti, ölkəni və ən əsası dünyanı dəyişmək olduğudur. İkincisi isə bunu bacaracaqlarına onları inandırmaq, bunun mümkün olduğunu söyləmək və bunu onlardan gözləməkdir. Bu problemlərin öhdəsindən gələcək istedad, bacarıq və potensialda olduqlarını davamlı onlara xatırlatmaqdır.Tarix oxuyan yox, yazan olmağı hədəf qoymaq və bunu bacaracaqlarına onları inandırmaqdır. Öz sahələrində ciddi yenilik etməyə həvəsləndirmək və bunu gözləməkdir.

Seminarlarınızda hər zaman mübariz olmağı, heç bir zaman uğursuzluqlara boyun əyməməyi və risklər almağı söyləyirsiniz, risk etməyi sevən birisinizmi?

Risk etməyi sevən biriyəm bəli. Bugünə kimi də çox risklər etmişəm. Amma səmimi deyim bu etdiklərim bir neçəsi var ki, bunu məndən hörmət etdiyim, dəyər verdiyim, sevdiyim, mənə yaxın birisi edib-etməmək mövzusunda məsləhət alsa idi, böyük ehtimal yox deyərdim.  Risk bilmədiyimiz, gözləmədiyimiz xəzinələrə aparan bil yoldur. Şərtlənmələrimizdən xilas olmanın qarantiya yoludur. Özümüzü daha yaxşıya dəyişmənin, kariyeramızda ciddi sıçrayışlar yaşamanın vasitəsidir. Amma eyni zamanda çox ağır, çətin, narahat edici, stress, depressya dolu bir prosesdir. Sonunun haraya gedəcəyini bilmədiyimiz bir səyahətdir. Aldığım risklər sayəsində ciddi dəyişikliklər etmişəm və önəmli olan arzularımı reallaşdıra bilmişəm. Hansılar ki, bu riskləri almadan mümkün olmazdı. Bu il isə bu baxımdan öz risk alma rekordumu qırdığım il oldu mənim üçün. Nəticəsində isə ciddi uğurlar qazandım. Amma çətinliklər saysız oldu, həmçinin stress, yorğunluq hətta etiraf edim ki, dəfələrnən vazkeçməyi istədiyim belə oldu. Bəzən ard-arda günlər yox həftələr boyunca problemlərlə savaşmalı, tez, cəld həll yoları tapmalı olurdum. Nəticələr o qədər ağır olduğu vaxtlar olurdu ki, yatmağa vaxt tapa bilmədiiyim günlər keçirdim, çünki günəş doğub yeni gün başlamadan mən həll yolları ilə hazır olmalı idim, əks halda nəticələr çox ağır olacaqdı mənim üçün. Harvarda gəlmədən öncə özümə söz vermişdim ki, ən azı bir həftə vaxtımı sadəcə əyləncə və istirahətə ayıracam. Amma alınmadı bunu edə bilməmişəm hələ. İki ay tamam oldu və ümid edirəm ki, Noyabır ayının sonu bu qismət olacaq. Səbəb isə dediyim kimi risk sonun hara gedəcəyini təxmin edə bilmədyimiz bir macəralı səyahətdir. Bir də. təbii ki, hər insana görə də risk fərqlidir. Mənim nəzərdə tutduğum risklər isə adətən, əksərən uğurlu nəticə ehtimalının çox-çox az olduğu risklərdir. Bəzən mənə yaxın olan insanlar, mən bu cür risklər edərkən və ya, etməyi planlaşdırarkən nəticə ilə bağlı sual verdiklərində çox vaxt cavab verə bilmədiyim olub və olur. Yəni heç bir fikrim olmayıb ki, qarşıma qoyduğum hədəfə necə çatacam. Mümkün görsənən tək şey bunun alınmayacağı olubdur. Səbəblər isə hər dəfə fərqli olub ama yenədə etmişəm. Çünki ayağımı yorğana görə yox, bir yolunu tapıb yorğanı uzatmağa çalışmışam. Ray Bradbury-nin çox xoşuma gələn bir sözü var: “Risklə yaşamaq, qayadan aşağıya hoppanmaq və qanadlarını aşağıya doğru sürətlə düşərkən düzəltmək, hazırlamaqdır”. Mənim də etdyim risklər bu il xüsusilə bu cür oldu. Amma bir seyi de mütləq etiraf etməliyəm, mən bir cəhətdən çox şanslı insanam. Yeni çox yaxşı dostlarım var məhz mən düşünürəm ki, onlar əgər olmasa idi, onları tanımasaydım və çətin günlərdə yanımda olmasalardı çox böyük ehtimal bu risklərin bir çoxu uğursuzluqla nəticələnəcəkdi.

Kitablara olan marağınız hardan yaranıb və saytımızın istifadəçilərinin çoxu gənclər olduğu üçün fərdi inkişafla bağlı hansı kitabları oxumağı onlara tövsiyyə edərdiniz?

İnsanın oxumağa, araşdırmağa, öyrənməyə marağının yaranması üçün kimnənsə kömək gözləməsi fikrimcə doğru deyil. Mənə də, bu mövzuda tez-tez yazırlar. Mənsə qısaca olaraq iki metod, vasitə, yol məsləhət görərdim bu axtarışda olan gənclərə.

İlk olaraq insan həyatının “Niyə”sini tapmağa çalışmalıdır. Yəni niyə bir neçə illiyinə bu dünyaya göndərildiyini, və sürətlə keçən bu limitli günləri necə keçirsə son nəfəsini verib əlvida deyərkən gözünün arxada qalmayacağı həyat tərzinin nə olduğunu tapmağa qərar verməlidir. Buna qərar verən və bu axtarışa çıxan hər kəs ciddi olduqdan sonra mütləq bu suala cavab tapacaqdır. Və bu suala cavab tapan insanın nə özündə maraq yaratmaq üçün kitab oxumağa, nə mənim kimi motivasyadan danışanları dinlləməyə çox da ehtiyacı qalmayacaq. Həyatının niyəsini tapmaq ən dinamik motivasya qaynağının kilidini açmaq deməkdir. Seminarlarımda da, tez-tez vurğuladığım və inandığım bir şey var: Əgər həyatınızın onsuz mənasız olacağı bir hədəfiniz yoxdursa, motivasya üüçün daim kənar faktorlardan asılı olacaqsınız. Bu da o deməkdir ki. azadlığınızı kitabların, seminar və təlimlərin,  spikerlərin əlinə vermiş olursunuz. Çıxışlarımda tez-tez təkrarladığım, və dinləyicilərə həyatlarının şüarı halına gətirməyi, özlərində bir vərdiş olaraq formalaşdırmağı təklif etdiyim bir yanaşma var və burda da oxuyuculara məsləhət görürəm. “Mən etməli olduğu işləri sadəcə həvəsi olanda edəcək qədər xaraktercə zəif biri deyilləm”i şüarı, vərdişi, həyat tərzi halına gətirəcək insanın qarşısına qoyubda çata bilməyəcəyi bir hədəf demək olar ki yoxdur. Əsas olan həvəs yaratmaq, həvəsli olanda nəisə etmək deyil bunu hər kəs bacarır. Önəmli olan həvəsi olmayanda da, etməli olduqlarını etməkdir. Həvəsinə görə deyil, həvəsinə rağmən yaşamaq bacarığıdır ki bu hər kəsin öyrənə, özündə formalaşdıra biləcəyi bir vərdiş, xarakteristik özəllikdir.

Kitab məsləhət görmək isə çətindir çünki hərkəs fərqli bir mövzuda oxumaq istədiyindən ümumi nə isə demək çətindir. Məsləhət görərdim ki, tapa biləcəkləri hər kitabı oxusunlar vəya ən azından göz gəzdirsinlər ən əsası isə fərqi yoxdur kim yazmış olursa olsun. medya insanlar o kitab haqqında nə deyirsə -desin hər kitabı oxuyarkən tənqidi yanaşma ilə, sorğulayaraq və kitabda təklif olunanlara özünə sual verib cavablandıraraq oxusunlar.

Daha çox təlimləriniz hansı mövzular əhatə edir?

Dəyişiklik deyərdim. Şəxsi və Professional mükəmməliyə doğru dəyişiklik.

“Özünü kəşf et” adlı kitabınızdan sonra yeni kitab yazmağı düşünürsünüzmü?

Bəli. Daha doğrusu artıq yazmağa başlamışam və hazırda davam edirəm. “Özünü Kəşf Et” kitabı ilə çox da iddialı deyildim, amma çox şükür ki. gözləntilərimi aşdı bu kitab. Hələdə oxuculardan mesajlar alıram və bu məni çox şad edir. Kitab gözlədiyimdən uğurlu oldu. Heç bir reklam, marketing, PR və.s olmadan nəşr oluunduqdan sonra 5 ay olmadan artıq əksər yerlərdə satılıb qurtarmışdı. Amma ikinci kitabla daha da iddialıyam və gözləntilərim de böyükdür.

Seminarlarınızda baş verən ən maraqlı hadisələrdən birini bizimlə paylaşsanız sevinərik?

Seminarlar zamanı çox maraqlı hadisələr olur. İndi ağlıma ilk gələn isə, bir nəfər tələbə seminarların birində ilk hissədə iştirak etdikdən sonra gedib evdə təəsüratları, hədəfləri etmək istədikləri dəyişikliklər və.s haqqında  danışmışdı və bundan sonra o tələbənin valideynləri qadağa qoymuşdular onun yenidən seminara gəlməsinə.

Son olaraq academic-future.com web saytımız haqqında öz fikirləriniz bölüşərdiniz?

İlk olaraq təbrik edirəm və uğurlar arzulayıram. Gənclər üçün doğurdan da, faydalı lazımlı olan bir iş görürsünüz. Bunun daha da genişlənməsini və daha çox gəncimizə çatmağınızı arzulayıram. Və bunu çox yaxşı bir şəkildə edəcəyinizə də inanıram. Ən çox bəyəndiyim isə çox yeni məlumatları paylaşmağınızdır.

Leave a Reply